Şəki

05 July 2026 · Şəki
Şəki
Düzünü desəm, Şəki məni gözlədiyimdən daha çox təəccübləndirdi. İlk baxışdan hər şey çox sadə görünür. Köhnə evlər, daş küçələr, iri ağaclar… Amma bir az gəzəndən sonra başa düşürsən ki, bu şəhərin gözəlliyi elə həmin sadəliyindədir. Ən çox vaxt keçirdiyim yerlərdən biri Yuxarı Karvansarayın həyəti oldu. Həyətdə çiçək açmış ağaclar, qədim daş divarlar və hər tərəfdən görünən dağlar elə gözəl ahəng yaradırdı ki, insanın heç ayrılası gəlmirdi. Şəbəkə sənətini yaxından görmək də mənim üçün maraqlı təcrübə oldu. İllərlə şəkillərdə gördüyüm rəngli şüşələr və taxta naxışlar əslində nə qədər incə və zəhmətli iş olduğunu canlı görəndə daha yaxşı başa düşdüm. Mənə ən çox xoş gələn isə şəhərin tələsməməsi idi. Burada insanlar da, küçələr də, təbiət də sanki sakit yaşayır. Heç kim harasa qaçmır. Sən də istər-istəməz telefonunu cibinə qoyub ətrafına baxmağa başlayırsan. Hara baxırsan, bir tərəfdə çiçək açmış ağaclar, o biri tərəfdə hələ yarpaqları çıxmamış nəhəng çinarlar… Arxada isə dağlar. Elə bil yazla qış hələ ayrılmayıb, ikisi də eyni mənzərədə yaşayır. Şəkiyə gələndə tarixi görəcəyimi bilirdim. Amma buradan ən çox yadımda qalan tarix yox, hiss oldu. O sakitlik, təmiz hava, quş səsləri və köhnə küçələrdə gəzmək… Bəzən insanın istirahət etməsi üçün bahalı otellərə və ya uzaq ölkələrə ehtiyac olmur. Bəzən iki gününü Şəkidə keçirib, heç nə etmədən gəzmək kifayət edir. Məncə, bu şəhərin ən gözəl tərəfi də elə budur. Buradan təkcə şəkillərlə yox, bir az da rahatlamış halda qayıdırsan.
BLOQA QAYIT

Turizm Komekcisi

Azerbaycan seyahetiniz ucun sorusun